
Katy Perry
Ketrin Elizabet Hadson — və ya səhnə adı Keti Perri kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır.







